top of page
Search
  • Writer's pictureVugar Mammadov

DÖVLƏT SATINALMALARI İLƏ BAĞLI QAYDALAR CİDDİLƏŞİR: QANUNUN ƏSAS TƏLƏBLƏRİNƏ BAXIŞ

2023-cü iyulun 14-də Azərbaycan Respublikası Milli Məclisi hazırki eyniadlı qanunu əvəz edəcək “Dövlət Satınalmaları haqqında” yeni Qanunu (“Qanun”) qəbul etdi. 2024-cü il yanvarın 1-dən etibarən qüvvədə olacaq bu Qanun, həmin tarixdən sonra bütün dövlət orqanları (qurumları) və dövlətə bağlı qurumların (“Satınalan Təşkilatlar”), habelə dövlət tenderlərində iştirak etmək niyyətində olan sahibkarların yeni tələbləri yerinə yetirmələrini tələb edir.


Satınalmalar sahəsində hüquqi bazanın yenilənməsi dövlət satınalmaları sistemini inkişaf etdirmək, şəffaflığı və effektiv nəzarəti ön planda tutmaq və tender prosesində rəqabətcil mühit yaratmaq məqsədi daşıyır.




Qanunun mühüm elementləri və gətirdiyi bəzi dəyişikliklər aşağıda sadalanmışdır:


  • Dövlət Satınalmalarının Mərhələləri – Qanun dövlət satınalmaları üçün nəzərdə tutulmuş mərhələlərin siyahısını yeniləyir:


(i) İlkin illik satınalma planlarının oktyabrın 25-ə qədər hazırlanması və açıqlanması – Dövlət büdcəsi parlament tərəfindən təsdiq olunduqdan sonra növbəti il üzrə mallar, işlər və xidmətlər üçün ehtimal olunan qiymətlərlə birlikdə yekun satınalma planları dərc olunmalıdır;

(ii) Satınalan Təşkilatlarda satınalma komissiyalarının təşkili;

(iii) Tətbiq olunduğu təqdirdə, təchizatçı uyğunluq tələblərinin və zəruri sənədlərin ictimaiyyətə elan edilməsi;

(iv) Şərtlər toplusunun hazırlanması;

(v) Təkliflərin cəlb edilməsi üçün elan verilməsi;

(vi) Təkliflərin qəbulu və açılması;

(vii) Təkliflərin qiymətləndirilməsi;

(viii) Satınalma nəticələrinin rəsmiləşdirilməsi və Antiinhisar və İstehlakçı Bazarlarına Nəzarət Dövlət Xidmətinin (“Dövlət Xidməti”) təsdiqi üçün təqdim olunması;

(ix) Çərçivə müqaviləsi tətbiq olunduqda, onun imzalanması;

(x) Qalib təchizatçıya təklifin aksepti barədə bildirişin və satınalma müqaviləsinin təqdim olunması;

(xi) Təchizatçılar tərəfindən satınalma müqaviləsinin imzalanması, icra və avans təminatlarının təqdim olunması;

(xii) Satınalan Təşkilat tərəfindən satınalma müqaviləsinin imzalanması və onun qüvvəyə minməsi;

(xiii) Satınalma hesabatının tərtibi.


  • Satınalmaların Rəqəmsallaşdırılması – Məxfi məlumatlarla əlaqəli olan tenderləri çıxmaq şərtilə, bütün satınalmalar onlayn satınalma portalı vasitəsilə həyata keçiriləcək;


  • Təchizatçılar üçün Sanksiyalar – Qanun onun tələblərini pozan təchizatçılar barədə daha ciddi tədbirlər müəyyən etməklə tender prosesinin sabitliyini təmin edir. Belə ki, Qanunu ciddi şəkildə pozan, məsələn, bir satınalma üçün birdən çox təklif təqdim edən, başqa təchizatçılarla gizli sövdələşmələrə daxil olan və ya digər pozuntulara yol verən təchizatçılar etibarsız təchizatçı hesab olunmaq və 3 ilədək müddətə dövlət satınalmalarında iştiraka buraxılmamaq riski ilə qarşı-qarşıya qalacaq;


  • Xarici Təchizatçılara Məhdudiyyətlər – Satınalma prosesindən öncə Satınalan Təşkilatlar müəyyən ölkələrdən olan təchizatçılara dövlət təhlükəsizliyi və ya beynəlxalq öhdəliklərin icrası əsasları ilə (xüsusilə Azərbaycanın diplomatik əlaqələrinin olmadığı ölkələrdən olan təchizatçılara tətbiq olunmaqla) məhdudiyyətlər tətbiq edə bilər;


  • İstisnalar – Yeni Qanun tənzimləmə sahəsindən kənarda qalan satınalmaların əvvəlki qanunvericilikdə müəyyən edilmiş siyahısını daha da genişləndirir. İstisnalar dövlət təşkilatlarından və ya təbii inhisarçılardan satın alınan mal, iş və xidmətləri, kreditlər və xarici valyutanın əldə olunması kimi maliyyə əməliyyatları, notariat xidmətlərinin əldə edilməsi, müdafiə və təhlükəsizlik məqsədli satınalmaları və başqa bir sıra satınalma kateqoriyalarını əhatə edir. Bundan əlavə, Qanun tətbiq dairəsindən kənarda qalan planlaşdırılmamış satınalmalar üçün yuxarı limit 10,000 AZN olaraq müəyyən olunmuşdur (yuxarı kateqoriya dövlət orqanları üçün isə 20,000 AZN);


  • Dəyəri 100,000 AZN-i keçək dövlət satınalmaları açıq və ya ikimərhələli satınalma metodları ilə keçirilə bilər. Aşağı dəyərli satınalmalar üçün kotirovka sorğularına icazə verilir. Bununla belə, qapalı tender, bir mənbədən satınalma və ya çərçivə müqavilələrini ehtiva edən satınalmalar üçün Dövlət Xidmətinin əvvəlcədən razılığı alınmalıdır;


  • Maraqların Toqquşması – Qanun maraqların ziddiyyətini yaradan halların siyahısını genişləndirir. Bunlara misal olaraq, bir təchizatçının digərinin benefisiar mülkiyyətçisi olmasını və ya təchizatçı və Satınalan Təşkilatın rəhbəri arasında qohumluq əlaqəsinin mövcudluğunu göstərə bilərik;


  • Görüşlərin Video Yazıları – Satınalan Təşkilat və təchizatçılar arasında heç bir qeyri-rəsmi danışıq və ya görüşə icazə verilmir. Görüşlərin video yazısı aparılmalı və Satınalan Təşkilat bu video yazıları 6 ay müddətində saxlamalıdır;


  • Ehtimal Olunan Qiymət – Qanunun şəffaflıq tələbləri satınalmaların planlanmasını və ehtimal olunan qiymətlərin tətbiqini də əhatə edir. Bütün Satınalan Təşkilatlar illik satınalma planları ilə bərabər illik planlaşdırılmış satınalmalarının ehtimal olunan qiymətlərini də dərc edəcək və sahibkarlara tender təkliflərini təqdim etməzdən öncə bu qiymətlərlə tanış olmaq imkanı yaradacaqlar;


  • Gözləmə Müddəti – Bütün təchizatçıların maraqlarının mühafizəsi məqsədilə satınalma sonrası 5 günlük gözləmə müddəti tətbiq olunur. Beləliklə, təchizatçılar yekun satınalma müqaviləsi imzalanmazdan əvvəl tender nəticələri ilə bağlı müraciət və şikayətlərini bildirə bilərlər;


  • İcra Təminatı - 30,000 AZN və ya daha yuxarı dəyərə malik satınalma müqavilələri ümumi dəyərinin 10% həcmində icra təminatının təqdim olunmasını tələb edəcək. Lakin, mikro və kiçik sahibkarlar istisnadır: onlardan sadəcə müqavilənin ümumi dəyərinin 5%-i həcmində icra təminatı tələb olunacaq;


  • Dövlət Xidmətinin Səlahiyyətlərinin Genişləndirilməsi – Daha geniş səlahiyyətlərlə təchiz olunan Dövlət Xidməti planlaşdırmadan icrayadək bütün satınalma prosedurlarına nəzarəti həyata keçirəcək.


Qurumlar və sahibkarlar yeni tənzimləmələrə uyğunlaşmaq üçün sənədlərin hazırlanması, uyğunluğun yoxlanılması və digər hərəkətlər də daxil olmaqla, lazımi tədbirləri görməlidirlər.


VLM Sizə dövlət satınalmaları prosedurlarını xətasız bir şəkildə keçməyiniz və yeni qanunvericiliyin tələblərinə riayət etməyiniz üçün tam hüquqi dəstək göstərməyə hazırdır.


Qeyd: Yuxarıdakı Xülasə yalnız məlumat məqsədlidir, hüquqi məsləhət xarakteri daşımır və hüquqi məsləhət niyyəti ilə hazırlanmamışdır.

31 views0 comments
bottom of page