top of page
Search
  • Vugar Mammadov

İŞ İCAZƏLƏRİ İLƏ BAĞLI YENİ DƏYİŞİKLİKLƏR

“Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 9 dekabr 2022-ci il tarixli Qanun (bundan sonra “Miqrasiya Dəyişiklikləri”) Azərbaycanın azad olunmuş ərazilərində çalışacaq əcnəbi və ya vətəndaşlığı olmayan işçilər (bundan sonra “Azad Olunmuş Ərazilərdəki İşçilər”) üçün iş icazəsinin əldə olunması və müddətinin uzadılması ilə əlaqədar bəzi prosedurları asanlaşdırdı. Miqrasiya Dəyişiklikləri 1 yanvar 2023-cü il tarixindən 1 yanvar 2028-ci il tarixinədək qüvvədədir.


İş icazələri adi halda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan illik əmək miqrasiyası kvotasına əsasən verilir. Miqrasiya Dəyişikliklərinə əsasən, Azad Olunmuş Ərazilərdəki İşçilərlə bağlı iş icazəsi üçün müraciət edildikdə, Dövlət Miqrasiya Xidməti onlara iş icazəsi vermək üçün bu kvotanı nəzərə almayacaq.

Bununla yanaşı, Azad Olunmuş Ərazilərdəki İşçilər üçün iş icazəsi müraciətlərinə baxılması zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəyin verilməsi müddəti 3 iş gününə endirilmişdir.


Miqrasiya Dəyişikliklərinə əsasən, Azad Olunmuş Ərazilərdəki İşçilər iş icazələrinin müddətini 2 ilədək uzada bilərlər.


Bütün bunlarla yanaşı, yeni qəbul edilmiş və 1 yanvar 2023-cü il tarixindən etibarən 5 il müddətinə qüvvədə olacaq ““Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 9 dekabr 2022-ci il tarixli Qanun (bundan sonra “Dövlət Rüsumu Dəyişiklikləri”) Azad Olunmuş Ərazilərdəki İşçilər üçün iş icazəsi müraciətlərinə baxılma müddətlərini azaltdı. Dövlət Miqrasiya Xidməti bu müraciətlərə ərizəçi tərəfindən ödənilən dövlət rüsumunun məbləğinə müvafiq olaraq 5, 10 və ya 15 iş günü ərzində baxacaq.


Dövlət Rüsumu Dəyişiklikləri iş icazələrinin müddətinin 1 ildən çox müddətə uzadılması üçün yeni dövlət rüsumu məbləğləri müəyyən etmişdir. Bu məbləğlər və müddətlər yalnız Azad Olunmuş Ərazilərdəki İşçilərin iş icazələrinin müddətinin uzadılmasına şamil olunur, ilk dəfə üçün müraciət edilən işçilərə görə məbləğ və müddətlər isə əvvəlki kimi qalır. Yeni məbləğlər aşağıdakı kimidir:

1. 5 iş günü ərzində baxıldıqda:

- 18 ayadək iş icazəsi üçün – 1 600 AZN;

- 2 ilədək iş icazəsi üçün – 1 800 AZN.


2. 10 iş günü ərzində baxıldıqda:

- 18 ayadək iş icazəsi üçün – 1 400 AZN;

- 2 ilədək iş icazəsi üçün – 1 600 AZN.


3. 15 iş günü ərzində baxıldıqda:

- 18 ayadək iş icazəsi üçün – 1 200 AZN;

- 2 ilədək iş icazəsi üçün – 1 400 AZN.


Qeyd: Yuxarıda qeyd olunan dövlət rüsumları yalnız Azad Olunmuş Ərazilərdəki İşçilərin iş icazələrinin uzadılmasına tətbiq olunacaq, iş icazəsi əldə olunması üçün ilk dəfə müraciət olunan işçilər üçün isə (onların azad olunmuş ərazilərdə işləyib işləməyəcəyindən asılı olmayaraq) hələ də maksimum 1 il müddətinə iş icazəsi verilə bilər.


Yuxarıda göstərilən qanunların rəsmi mətnlərini əldə etmək üçün aşağıdakı linkə keçid etməyinizi xahiş edirik:

Miqrasiya Dəyişiklikləri - https://president.az/az/articles/view/58457

Dövlət Rüsumu Dəyişiklikləri - https://president.az/az/articles/view/58447



56 views0 comments
bottom of page